'
NAYVELILER

Tariyel Hacıyev




Tariyel Rüstəm oğlu Hacıyev

 

 1952-ci il dekabrın 25-də anadan olub. 1969-cu ildə Sarvan
1 saylı (indiki 3 saylı) orta məktəbini bitirib.

 

Bakıda Azərbaycan Pedaqoji Dillər İnstitutunda  ingilis dili fakültəsində təhsil alıb (1970-1975), fakültəni müvəffəqiyyətlə bitirərək İngilis dili müəllimi ixtisasına yiyələnib.

1975-ci ildə İnstitutu bitirdikdən sonra doğma yurdu Borçalıya qayıdıb və Marneuli rayonu Qullar kəndində rus məktəbində müəllimliyə başlayıb.


Elə həmin il birillik hərbi xidmətə çağırılıb, Qazaxıstanda sovet ordusu sıralarında xüsusi kəşfiyyat batalyonunda qulluq edib.



1976-cı ildə hərbi xidməti bitirərək ehtiyatda olan zabit kimi Borçalıya qayıdıb və Qullar kəndində müəllim vəzifəsində fəaliyyətini davam etdirib.


Atası Rüstəm müəllimin, Hacıyevlər nəslinin müəllimlik ənənələrini uğurla davam etdirən Tariyel müəllim yüksək peşəkarlığı, təşkilatçılığı və ictimai fəallığı ilə fərqlənərək rayon pedaqoji mühitində böyük hörmət və nüfuz qazanmışdır. 



Səmərəli pedaqoji və təşkilati fəaliyyəti pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş və 1975-1985-ci illərdə Marneuli rayon Gənc Müəllimlər Şurasının  Sədri kimi şərəfli vəzifəni daşımışdır. Bu vəzifədə Borçalı təhsilinin inkişafı, pedaqoji kadrların formalaşması sahəsində bir sıra uğurlara imza atmışdır.


Rayon miqyasında uğurlu pedaqoji fəaliyyətinə görə
Ümumittifaq komsomolunun Mərkəzi Komitəsinin
"Ən yaxşı gənc müəllim" döş nişanı ilə təltif olunub.


1994-2005-ci illərdə Qullar rus orta məktəbinin direktoru vəzifəsində çalışmış, məktəbi rayonun qabaqcıl təhsil müəssisələrindən biri səviyyəsinə qaldırmışdır. Hazırda həmin məktəbin dərs hissə müdiridir.

Həmkarlarının, şagirdlərinin, soydaşlarının, eloğlularının dərin hörmət bəslədiyi Tariyel müəllim Borçalının tanınmış ziyalılarından, qabaqcıl təhsil işçilərindəndir.


Borçalının istedadlı el şairi Dağbəyi Gürbulaq Tariyel müəllimin 65 illik yubileyinə həsr etdiyi şeirində özünün və el-obanın Tariyel müəllimə olan hörmət və istəyini belə ifadə etmişdir:

Uca Borçalıda, Ulu Sarvanda
Həyata göz açdı Tariyel kimi,
Zəhmətkeş nəsildə, halal ocaqda
Alışdı nur saçdı gur tonqal kimi.

Öz xalqına xidmət oldu şüarı,
Şagirdlərə hörmət oldu şüarı,
Qullar kəndi ümid yeri, güzarı,
Qoşadı, yaratdı Tariyel kimi.

Təhsilə sərf etdi, həyalı ömrü,
Altmış beş baharın misalı ömrü,
Şərəflə yaşadı ziyalı ömrü,
Gözlərdə ucaldı bir heykəl kimi.


Hacıyevlər-Nayvəlilər nəslinin layiqli nümayəndəsi, atası Rüstəm müəllimin şərəfli həyat yolunun və müəllim fəaliyyətinin davamçısı Tariyel müəllim həm də gözəl qohum və ailə başçısıdır.


Övladları Royan və Esmira, nəvələri Tariyel müəllimin, Nayvəli nəslinin mərifət, ədəb, halallıq ənənəsini layiqli şəkildə davam etdirirlər.
 
 



 


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol