Cümşüd Hacıyev
Hacıyev Cümşüd Məhəmməd oğlu
(5 May 1931 - 30 noyabr 2022)
== HƏYATI ==
Cümşüd Hacıyev 5 may 1931-ci ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) anadan olub. Məhəmməd kişinin səkkiz övladının ən böyüyüdür.
1937-ci ildə Borçalı Türk Pedaqoji Texnikumunun nəzdindəki İbtidai məktəbin birinci sinfinə gedib, tanınmış müəllimə Kafiyə Almərdanovanın sinfində oxuyub.
1941-ci ildə ibtidai məktəbi qurtarıb, indiki 1 saylı məktəbin
5-ci sinfinə getmişdir.
1945-ci ildə bu məktəbin 8-ci sinfini tamamladıqdan sonra Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1949-cu ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Texnikumda təhsil aldığı dövrdə ictimai işlərdə fəal iştirak etmiş, tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Texnikumun tələbəsi ikən Borçalı rayon Partiya Komitəsinin nəzdində partiya tarixi üzrə təşkil olunmuş altı aylıq kurslarda oxumuşdur.
1949-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1954-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Tələbəlik dövründə əla qiymətlərlə təhsil alan Cümşüd Hacıyev həm də fəal ictimaiyyətçi olmuş, Universitetin ictimai həyatında yaxından iştirak etmişdir. Təhsildə və ictimai işlərdə uğurlarına görə 1954-cü ildə tələbə ikən Sov.İKP üzvlüyünə namizəd qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra Borçalıya qayıtmış və Marneuli rayon 2 saylı orta məktəbində tarix və ictimai fənlərdən müəllim işləmişdir. Bakıda BDU-nun əyani aspiranturasını bitirdikdən sonra ali təhsil sahəsində çalışmış, fəlsəfə fənnindən dərs demişdir.
== FƏALİYYƏTİ ==
Cümşüd Hacıyev BDU-nun tarix fakültəsini bitirdikdən sonra 1954-cü ildən 1963-cü ilə kimi Borçalıda indiki 2 saylı Sarvan orta məktəbində tarix, məntiq və ictimaiyyət fənlərindən dərs demişdir. 1956-cı ildə Sov.İKP-yə üzv qəbul edilmişdir.
Savadlı və bacarıqlı müəllim kimi tanınmış, tarix üzrə rayon fənn komissiyasının sədri, məktəbin ilk partiya təşkilatının katibi olmuşdur.
1963-cü ilin payızında təhsilini davam etdirmək və elmi fəaliyyətlə məşğul olmaq üçün Bakıya köçmüş, 1963-1966-cı illərdə BDU-nun əyani aspiranturasında oxumuşdur. 1967-ci ilin aprelində fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Şəhərlə kənd arasındakı mühüm fərqlərin aradan qaldırılmasının şəxsiyyətin hərtərəfli inkişafında rolu" mövzusunda dissertasiya müdafiə etmişdir.
1966-cı ilin oktyabrından 1967-ci ilin dekabrına kimi BDU-nun Fəlsəfə kafedrasında fəlsəfə kabinetinin müdiri vəzifəsində işləmişdir. 1967-ci ilin dekabrından 1969-cu ilin dekabrına kimi Fəlsəfə kafedrasında müəllim, 1969-1972-ci illərdə baş müəllim olmuşdur. 1972-ci ilin dekabrından Fəlsəfə kafedrasında dosent vəzifəsinə keçmişdir.
1974-cü ilin sentyabrından Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) Fəlsəfə kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 1977-ci ildə Rostov Dövlət Universitetində, 1982-ci ildə Kiyev Dövlət Universitetində uzunmüddətli elmi ezamiyyətdə olmuşdur.
Tələbkar müəllim, prinsipial alim olan Cümşüd Hacıyev sosial-ictimai və fəlsəfi məsələlər, o cümlədən, dialektika, əksliklərin vəhdəti, kəmiyyət və keyfiyyət dəyişiklikləri, sufilik cərəyanı, fəlsəfə kursunun tədrisi məsələlərinə dair tədqiqatlar aparmış, bu sahədə elmi və elmi-metodik əsərləri dərc olunmuşdur.
Bədii ədəbiyyatın gözəl bilicisi olan Cümşüd Hacıyev müəyyən ədəbi məqalələrin də müəllifidir. Bir sıra elmi və elmi-publisistik əsərləri, proqram və vəsaitləri, məqalələri çap olunmuşdur. 2007-ci ilin noyabr ayından təqaüddədir.
Övladları Natiq, Mətin, Könül, Anar ali təhsilli mütəxəssislərdir. Kiçik oğlu Anar atasının peşəsini davam etdirərək ADU-da fransız dili müəllimi işləyir.