'
NAYVELILER

NAYVƏLİLƏR

 

 

NAYVƏLİLƏR 



Nayvəlilər (Hacıyevlər) – Borçalının tanınmış soylarından biri, Sarvan kəndinin sakinləri.


== Soyun yaranması ==

Qədim türk yurdu olan Sarvan əhalisi aşağıdakı soylardan - nəsillərdən ibarətdir: Məşədiəlləzlər, Minasazlılar, Novruzlular, Bayramlılar, Gərəkməzlilər, Gülməmmədlilər, Hasanuşagı, Məmmədxanlılar, Məşədioğulları, Şəriflilər, Mustafalılar, Talıblılar, Çıldırlılar, Xudular, Həzilər, Darğalılar, Qanlılar, Xaslar (Xasməmmədovlar), Kələlər (Kələyevlər), Yetirmişlilər, Seyidlər, Hümbüllər, Bebanlar, Yavıxlılar, Xaccauşagı, Anteslər, Qabulovlar (Qavıllılar), Bədəllilər (Bədəlovlar), İvraamlılar (İbrahimovlar), Tomeslər, Əppəkcioğlular, Şoryeməzlər, Ayagıyalınlar, Fərzəndilər (Fərzəliyevlər), Dəmirçilər, Cəfərlilər, Hacallılar (Hacalov), Mollaəhmədlər və başqaları.

Nayvəli nəsli də Borçalı mahalının Sarvan kəndinə (indiki Marneuli şəhəri) bağlı bu qədim türk-qarapapaq soylarından biridir. Bu soyun əcdadı olan Nayvəli XIX əsrin ortalarına yaxın Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmməd XVII - XVIII əsrlərdə yaşayıb
Borçalının Sarvan kəndinin köklü sakinləri, qarapapaq türkləri olan Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin nəvəsi Hacı kişinin (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir.


== Soyun tarixi ==


Nayvəlilər – Hacıyevlər nəslinin tarixinə aid müəyyən sənədli məlumat XVIII əsrin əvvəllərinə aid olsa da, daha dəqiq tarix bu nəslin və Borçalının görkəmli şəxsiyyətlərindən olan Nayvəlidən (Naib Vəli) başlayır və buna görə Hacıyevlərə Nayvəlilər də deyilir. 
Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında – XX əsrin əvvəllərində yaşayıb. Əsl adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib.

Nayvəlinin Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb.  Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli indi yaşadıqları ərazidə – Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb.

Hacıyevlərin dədə-baba yurdunda Sarvan camaatının ziyarət yeri olan pir yerləşir.

Nayvəli kişinin indiki Zalqa (keçmiş Barmaqsız mahalı) rayonunda, Sarvan camaatının yaylaq yerləri olan Dəlidağda da geniş torpaq sahələri olub. Nayvəli Xram (Anaxatır) çayının yaxınlığındakı bu ərazinin və həmin ərazidə yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın rəsmən sahibi olub. Bu səfalı yaylaq və Nayvəli bulağı indiyədək Sarvanlıların sevimli istrahət yerlərindəndir.
Hazırda Sarvan camaatı hər il avqustda bu yaylaqlarda Sarvanoba adlı el şənliyi keşirir
(bax: Sarvanoba - 2015, Sarvanoba-2016, Sarvanoba-2017 və sairə)

Nayvəli savadlı adam olub, rus dilini bilib, vergi sistemində işləyib və çar hökumətindən qızıl pulla maaş alıb. 

Nayvəli nəslində Məhəmməd, Hacı, Abbas adları irsən təkrarlanır. Məhəmməd  və Rüstəm Hacıyevlərin dediyinə görə, Nayvəlidən əvvəl onların Məhəmməd adında ulu babaları olub. 1728-ci ildə Osmanlı dövləti tərəfindən hazırlanmış "Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Sarvanlar ərazisində Sarvan camaatının siyahısında Hacı Məhəmməd oğlu və onun oğlu Vəlinin adları qeyd olunub.
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü,  professor Şurəddin Məmmədlinin "Borçalı qarapapaqları tarixin dolambaclarında" kitabında Nayvəlinin adı görkəmli yazıçı Abdulla Şaiqin atası - Tiflis qazısının müavini, sonra isə Şeyxülislamın birinci müavini olmuş məşhur din xadimi və maarifçi Axund Mustafa Talıbzadə ilə birlikdə XIX əsrin axırları – XX əsrin əvvəllərində Borçalının Sarvandan olan öndər şəxsiyyətləri sırasında qeyd olunur.

 Nayvəlinin oğlu Hacı haqqında ətraflı məlumat qalmayıb, savadlı, imkanlı adam olduğu məlumdur. Nayvəlinin nəvəsi Hacı Hacı oğlu XIX əsrin ortalarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi də savadlı, imkanlı və dövlətli adam olub. Xeyli mal-qarası, təsərrüfatı, babalarından qalan sərvəti olub, ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaq sahələrinin bir qismi qalıb.
Hacının əmisi oğlu Pirverdinin və onun oğlanları Pirqasımın və Həmidin törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir. 
Hacı Hacı oğlunun üç oğlu, iki qızı olub, ortancıl oğlu Abbas tez rəhmətə gedib. Digər oğulları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə adını  “Rüstəm Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında “Hacı oğlu”nu bərpa edib və “Hacıyev” soyadını götürüb.  Məhəmməd kişi əvvəl raykomda bağban işləyib, sonra şəxsi təsərrüfatında çalışıb.
Məhəmməd Hacı oğlunun həyat yoldaşı Mileyla Söyün qızı Yaqubova (1915-1973) və Rüstəm Hacı oğlunun həyat yoldaşı Rahilə Yaqubova (1924 - 2009) bacı olublar. Mileyla və Rəhilənin anası Yetər ata tərəfdən Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Onların ata tərəfdən nənələri Molla Qızlarbəyim seyid nəslindəndir, savadlı və bilikli adam olub.
 
Rüstəm Hacı oğlu ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. İkinci dünya müharibəsi iştirakçısıdır, uzun illər Borçalıda müəllim işləyib, bir çox orden və medallarla təltif olunub.
El ağsaqqalları olan Məhəmməd Hacı oğlu (1906 – 1974) və Rüstəm Hacı oğlu (1916 - 1990) övladlarını öz halal zəhmətləri ilə böyüdüb, savad verib, böyük ailələrinə (Məhəmmədin yeddi oğlu, bir qızı, Rüstəmin  altı oğlu olub) ev-eşik qurublar. Onların törəmələrindən bir çox alim, müəllim, dövlət qulluqçusu yetişib.
Hazırda Hacıyevlər nəslinin bir hissəsi Sarvanda, bir hissəsi isə Bakıda və Almaniyada yaşayır.

ƏLAVƏ BAX:

W // NAYVƏLİLƏR (HACIYEVLƏR)

W // KATEQORİYA: NAYVƏLİLƏR (HACIYEVLƏR)

ORTAQ SƏHİFƏLƏR:
http://asifhacili.tr.gg/
http://ahiskavatan.tr.gg/


 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol