'
NAYVELILER

Abbas Hacıyev


Hacıyev Abbas Məhəmməd oğlu

(01.01.1933 - 21.01.2011)

== Həyatı ==

 Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində Nayvəlilər nəslinin nümayəndəsi, el ağsaqqalı Məhəmməd Hacı oğlunun ailəsində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra, 1948-ci ildə öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1952-ci ildə müvəffəqiyyətlə bitirmişdir.
Texnikumda Mədəd Muradov, Rüstəm Şərifov, Rüstəm Hacıyev, Rüxsarə Əliyeva, Marklen Kuzmiç, Mirzə Axundov, Məmməd Orucov, Rizvan Əliyev, Kamal Məmmədov, Abbas Kərimov kimi bütün Borçalıda adları hörmətlə çəkilən istedadlı müəllimlərdən dərs almışdır.



Borçalı Türk Pedaqoji Texnikumunun
1951/1952-ci il buraxılışı 

Rüstəm Hacıyev - müəllimlər,
Abbas Hacıyev məzunlar arasında



Soldan: Abbas Hacıyev və sinif yoldaşları
Xalid, Salman





1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə fakültə partiya bürosunun üzvü olmuş, Nizami Gəncəvi adına fəxri təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə orta məktəbdə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər.
1959-1961-ci illərdə Marneuli rayon komsomol komitəsinin birinci katibi və rayon partiya komitəsinin büro üzvü seçilmişdir. Bir müddət sonra Marneuli rayon Sovetinə deputat və Gürcüstan Komsomolunun Mərkəzi Komitəsinə üzv seçilir. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı üçün prinsipiallıq və fədakarlıqla çalışmışdır.

1961-ci ildə elmə olan marağı naminə yüksək vəzifəsindən, dövlət işlərində böyük perspektivlərindən imtina edərək, akademik Məmmədağa Şirəliyevin dəvəti, görkəmli alimlər Mir Cəlal Paşayev, Məmməd Cəfər, Şıxəli Qurbanov, Kamal Talıbzadənin tövsiyəsi ilə Bakıya köçüb Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. Ədəbiyyat İnstitutunda görkəmli dövlət xadimi, yazıçı-alim Şıxəli Qurbanovun başçılq etdiyi ədəbi əlaqələr şöbəsində aspiranturada təhsilini davam etdirir (1961-1964).

Aspiranturada təhsil aldığı dövrdə Tiflis, Moskva, Sankt-Peterburqda uzunmüddətli elmi ezamiyyətlərdə olaraq Tiflis ədəbi mühiti, Azərbaycan teatr və mətbuat tarixi ilə əlaqədar bir çox arxiv sənədlərini, dövri mətbuatı ilk dəfə araşdırmışdır.

Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə "Tiflis ədəbi mühiti (1905-1917-ci illər): Azərbaycan materialları əsasında" (Bakı, 1965. - 263 səh.) mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi rəhbəri professor Mir Cəlal Paşayev və rəsmi opponentləri - akademik Həmid Araslı, professor Əziz Mirəhmədov dssertasiya işinə yüksək qiymət vermişlər.

Abbas Hacıyev (ayaqüstə sağdan birinci) 
müəllimləri ilə


1965-ci ildə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
1970-ci ildə görkəmli alimlər, akademik Kamal Talıbzadənin elmi məsləhətçiliyi, akademik Məmməd Cəfərin, akademik Bəxtiyar Vahabzadənin, professor Qulu Xəlilovun opponentliyi ilə “Mirzə İbrahimovun yaradıcılıq yolu” (Abbas Hacıyev. Mirzə İbrahimovun yaradıcılıq yolu /fil. elm. dok. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya/ BDU-nun kitabxanası, Bakı: 1970, 656 s.) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Həmin ildə, 37 yaşında filologiya elmləri doktoru alimlik dərəcəsi, 1973-cü ildə isə professor elmi adı almışdır.

Xalq yazıçısı Mirzə İbrahimovla

1964-1974-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur.


1974-1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

1979-cu ildə özünün istəyi ilə ixtisasına daha uyğun olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüş, Azərbaycan filologiyası fakültəsində fəaliyyətini davam etdirmişdr. Burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir.


Xalq şairi Süleyman Rüstəmlə

Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, bir çox elmi kitabların və dərsliklərin elmi redaktoru, rəyçisi olmuşdur.


Xalq şairi Bəxtiyar Vahabzadə ilə

Bütün həyatı boyu halal əməyi ilə yaşamış, zəhmətkeş, əyilməz, ötkəm, iradəli insan olan Abbas Hacıyev kiçik yaşlarından zəhmətə qatlaşmış, şəxsi təsərrüfatlarında çalışaraq valideynlərinə kömək etmişdir.

Anası xəstələndikdə, kolxoz sədrinin təkidinə görə, yaşının az olmasına baxmayaraq yeddinci sinifdə bir il məktəbi buraxıb kolxoza işə gedib anasını əvəz etməyə məcbur olmuşdur. Borçalının görkəmli müəllimləri Xəlil Bayramovun və Halay Bayramovun qayğısı sayəsində kolxozda işləyə-işləyə
təhsilini davam etdirmək üçün gecə məktəbinə daxil olmuşdur. Bir il bütün günü kolxozda işləməyə, axşamlar məktəbə getməyə məcbur olur. Bütün bu çətinliklərə baxmayaraq, yeddinci sinfi axşam məktəbində yüksək qiymətlərlə bitirib 1948-ci ildə Borçalı Pedaqoji Texnikumuna daxil olur və təhsilini bu nüfuzlu təhsil müəssisəsində dörd il uğurla davam etdirir.


1952-ci ildə Borçalı Pedaqoji Texnikumunu bitirdikdən sonra BDU-nun filologiya fakültəsinə daxil olur və 1957-ci ildə böyük uğurla, fərqlənmə diplomu ilə tamamlayır.
Bakıda universitet təhsilini tamamlayıb doğma yurdu
Sarvana qayıdır. Sarvanda 1959-cu ildə Gərəkməzli Qulu kişinin qızı Şahsənəmlə ailə qurur.
Bu dövrdə Sarvanda təhsil sahəsində və partiya-komsomol sistemində işləyir, az bir müddətdə Marneuli rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə yüksəlir, rayon partiya komitəsinin büro üzvü və rayon sovetinin deputatı seçilir.

1961-ci ildə aspiranturaya dəvət alaraq, elm naminə, dövlət qulluğundakı uğurlu və perspektivli karyerasını tamamlayır və  ailəsi ilə Bakıya köçürək aspiranturaya daxil olur.
Həyat yoldaşı Şahsənəm BDU-nun filologiya fakültəsinin qiyabi şöbəsini bitirmiş, lakin səhhətinə və ailə qayğılarına görə işləməmişdir.



Abbas müəllim 1961-ci ildən Bakıda aspiranturada təhsil almış, bu dövrdən həyat yoldaşı Şahsənəmlə birlikdə qardaşlarının, başqa qohumlarının da Bakıda təhsil alması üçün əlindən gələn köməyi etmişlər.


Qardaşlar: soldan: Vəkil, Abbas, Xanlar, Cümşüd, Zahid, Baxış

Abbas Hacıyev əmisi oğlu Rafiq müəllim və oğlu Asiflə

Üç övladı - Asif, Turqay adlı oğlanları, Nailə adlı qızı, yeddi nəvəsi var. Asif və Nailə onun yolu ilə getmiş, hər ikisi filoloqdur, Turqay musiqiçidir.
  





Abbas Hacıyev uğurlu fəaliyyətinə görə 1961-ci ildə Gürcüstan SSR Marneuli rayon Sovetinə deputat seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə (1961), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə (2006) təltif olunmuşdur.

== Fəaliyyəti ==

Abbas Hacıyev 1970-ci ildən filologiya elmləri doktoru, 1973-cü ildən professor olmuşdur. 1980-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Bir çox monoqrafiya və dərsliklərin, elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.



Onun "Tiflis ədəbi mühiti", "Tiflis Azərbaycan Teatrı", "Tiflis Azərbaycan və Adıgün türk teatrı", "Mirzə İbrahimov", "Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq", "Ədəbiyyat nəzəriyyəsi", "Ədəbiyyatşünaslığın əsasları", "Sənətkarın yaradıcılıq fərdiliyi", "Bədii əsərin strukturu", "Ədəbi növlər və janrlar", "Ədəbi meyllər və cərəyanlar" adlı kitabları geniş yayılmışdır.
Abbas müəllimin yaradıcılığında ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii mətnin poetikası, Tiflis və Borçalı ədəbi mühiti, XX əsr Azərbaycan ədəbiyyatı, teatr tarixi və teatrşünaslıq, mətbuat tarixi, müasir ədəbi proses mühüm yer tutur.


XIX əsrin axırları - keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, Rusiya və Azərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.






O, Tiflis Azərbaycan ədəbi mühitinin, ictimai-mədəni həyatının, Tiflis, Borçalı və Ahıskada fəaliyyət göstərmiş teatrların, mətbuat orqanlarının tarixini, mədəniyyət və sənət xadimlərinin həyatını, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin naməlum səhifələrini geniş şəkildə və tarixi sənədlər əsasında işıqlandırmışdır.
Tiflis Azərbaycan ədəbi mühiti, Azərbaycan peşəkar teatrının yaranması və təkamülü, Tiflis və Adıgün türk teatrlarının tarixi, müxtəlif səhnə xadimlərinin fəaliyyəti, milli mətbuat tariximiz barədə obyektiv sənədlərə əsaslanan
bir sıra faktları aşkarlayaraq yeni elmi qənaətə gəlmişdir.
Bu sahədə araşdırmaları Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya mətbuatında və elmi nəşrlərində görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. 



Professor Nadir Abdullayevlə


Professor Mürsəl Həkimovla


Professor Qulamhüseyn Əliyevlə

Arxiv materialları, real faktlarla Borçalı, Tiflis, Ahıska ərazisindəki türk mədəniyyətinin ümummilli dəyərini, əhəmiyyətini, avtoxton xarakterini təsbitləmiş, bu sahədə gələcək araşdırmalar üçün sanballı zəmin yaratmışdır.


Xalq şairi Zəlimxan Yaqubla

Borçalı ədəbi-mədəni mühitinin özünəməxsusluğu və nümayəndələri haqqında tədqiqatların müəllifi, eimi redaktoru olmuşdur.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Süleyman Rüstəm, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Elçin, Əhməd Cəmil, Əliağa Kürçaylı, Eyvaz Borçalı, Cabir Novruz, Nəriman Həsənzadə, Vidadi Babanlı, Əfqan, Əlirza Xələfli və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında bir sıra dəyərli monoqrafiyalar və məqalələr yazmışdır.


Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı ədəbiyyat nümunələrinə, müasir poeziyaya, folklorun toplanması və dərci məsələlərinə dair bir sıra analitik-tənqidi, prinsipial elmi mövqeyə
əsaslanan əsərləri var.
Bir çox elmi konfrans və müzakirələrdə çıxışlar etmiş, tələbkar və xeyirxah müəllim, gözəl mühazirəçi kimi minlərlə tələbəsinin hörmət və sevgisini qazanmış, onların mütəxəssis və vətəndaş kimi yetişməsində böyük xidməti olmuşdur.


Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi prosesin mahiyyətinə dair araşdırmalar aparmışdır.






BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979-1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.


Professor Mahmud Allahmanlı ilə


Yazıçı və jurnalist Əlirza Xələfli ilə


Həmkarları və dostları ilə

Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.


Sağdan: professorlar Abbas Hacıyev,
Rasim Mirzəyev, İsmixan Rəhimov



Onun rəhbərliyi ilə böyük bir  ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, Tiflis və Borçalı ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Ahıska türklərinin mədəniyyətinə, Azərbaycan - gürcü ədəbi-mədəni əlaqələrinə, müasir ədəbi prosesə və ədəbiyyat nəzəriyyəsinə, teatr və mətbuat tarixinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açan dəyərli məxəz olmuşdur. 

 == Kitabları ==

Tiflis ədəbi mühiti. Bakı: Yazıçı, 1980

Mirzə İbrahimov. Bakı: Yazıçı, 1982

Tiflis Azərbaycan Teatrı. Bakı: İşıq, 1984

Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq.
Bakı: Yazıçı, 1986

Ədəbiyyatşünaslığın əsasları.
Bakı: APİ nəşri, 1988

Sənətkarın yaradıcılıq fərdiliyi.
Bakı: APİ nəşri, 1990

Bədii əsərin strukturu.
Bakı: ADPİ nəşri, 1992

Ədəbi növlər və janrlar.
Bakı: ADPİ nəşri, 1994

Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 1996

Ədəbiyyatşünaslığın əsasları.
Bakı: Zaman, 1999

Ədəbiyyatşünaslığm əsasları. Bakı, 2005

Tiflis Azərbaycan və Adıgün türk teatrı.
Bakı, 2006

Həyat və ədəbi tale
(ədəbi-tənqidi məqalələr). Bakı, 2008

Ədəbiyyatşünaslığm əsasları. Bakı, 2010

Ədəbi meyllər və cərəyanlar. Bakı, 2010

Sənətin işığında. Bakı, 2011   


Haqqında:

Mahmud Allahmanlı.
Professor Abbas Hacıyev və yaxud sizsizliyin iki ili

Гаджиев Аббас Мамед оглы

Şıxəli Qurbanova məktubları

***************
  Adıgön Türk Tiyatrosu


   

                  
 






  









1966-cı il

2016-cı il














 



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol