Rüstəm Hacıyev




Hacıyev Rüstəm Hacı oğlu


(1916 - 1990)

Borçalının öndər şəxsiyyətlərindən olan Nayvəlinin nəvəsi, tanınmış təhsil işçisi, müəllim, İkinci Dünya Müharibəsi iştirakçısı, el ağsaqqalı

== Həyatı ==

Rüstəm Hacıyev 1916-cı ildə Nayvəlinin oğlu Hacı kişinin ailəsində dünyaya gəlib. Hacı kişinin üçüncü oğludur.

Rüstəmin atası Hacı XIX əsrin axırlarında anadan olub, 1922-ci ildə rəhmətə gedib. Hacı kişi imkanlı, dövlətli adam olub. Xeyli mal-qarası, babalarından qalan sərvəti olub, ancaq sovet dövründə dövləti əlindən çıxıb, övladlarına torpaqlarının bir qismi qalıb. Hacı kişinin əmisi oğlu Pirqasım Ağanın və onun oğlu Pirverdinin törəmələri indiki Pirverdiyevlər nəslinin nümayəndələridir.

Hacı Nayvəli oğlunun övladları Məhəmməd və Rüstəm əvvəllər Nayvəlioğlu soyadını daşıyıb, sonradan bu famili naibliklə bağlı olduğuna görə sovet hökumətinin təzyiqi ilə Hacıyevə dəyişiblər. Rüstəm Hacı oğlu Nayvəlinin adını yaşatmaq üçün bir müddət sənədlərdə soyadını “Nayvəlioğlu” kimi yazdırıb, müəllim və müharibə iştirakçısı olduğundan bu mümkün olub. 1980-ci illərin ortalarında nəsiln eyni famildə olması üçün “Hacıyev” soyadına keçib.


Məhəmməd və Rüstəm Hacıyevlər
22 noyabr 1939-cu il


Hacı Nayvəli oğlunun birinci arvadı, Məhəmməd Hacı oğlunun anası Fatimə Xasməmmədova rəhmətə gedəndən sonra Hacı kişi Sultan İsgəndərova ilə evlənib. Rüstəm Hacı oğlunun anası Sultan İsgəndərovadır.

Rüstəm Hacıyev ibtidai və orta təhsilini Sarvanda alıb, müəllim hazırlığı üçün təşkil olunmuş məktəbi bitirib. Müharibə iştirakçısı olub, 1939-cu ildən orduya hərbi xidmətə çağırılıb, elə bu vaxtdan müharibələrdə iştirak edib, 1943-cü ildə döyüşlərdə yaralandığına və müharibə əlili olduğuna görə ordudan tərxis olunub.
Müharibədən qayıtdıqdan sonra pedaqoji fəaliyyətini davam etdirib, ömrünün sonunadək Borçalıda müəllim işləyib.
1990-cı ildə vəfat edib.

Rüstəm Hacı oğlunun həyat yoldaşı 
Rəhilə Yaqubova (1924-2009) Məhəmməd  Hacı oğlunun həyat yoldaşı Mileyla Yaqubovanın bacısıdır. Rəhilə və Mileylanın ataları Hüseynin (Söyün) atası Yaqub, babası Hasan kişidir. 
Söyün kişini 1940-cı illərdə qaçaqlar vurub. 
Mileyla və Rəhilə Yaqubovaların anası Yetər Cümbül qızı ata tərəfdən Sarvanın Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Yetərin anası Molla Qızlarbəyim seyid nəslindəndir.

Sağ tərəfdə - Rəhilə Yaqubova

== Fəaliyyəti ==

 Rüstəm Hacıyev Borçalı Müəllmlər məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə çox gənc yaşlarından, 1930-cu illərin əvvəllərindən Borçalının Kəpənəkçi (Çörük Qəmərli) kəndində müəllim kimi başlayıb və 1939-cu ilə qədər burada işləyib.

Rüstəm Hacı oğlu 1939-cu ildə əsgərliyə çağırılıb və elə bu dövrdən 5 il ərzində İkinci Dünya Müharibəsində döyüşlərdə iştirak edib. Fin müharibəsində, sonradan Ukrayna cəbhəsində qəhrəmanlıqla döyüşüb. 1943-cü ildə ağır yaralanıb, hospitalda yatıb və müharibə əlili kimi baş serjant rütbəsində ordudan tərxis olunub.


1943-cü ildən dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Pedaqoji Texnikumunda ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Eyni zamanda, Texnikum nəzdindəki İbtidai siniflər şöbəsinin müdiri olub.



Rüstəm Hacıyev öz sinifi ilə

Geniş mütaliəli savadlı adam olan Rüstəm Hacıyev ərəb, latın, kiril əlifbalarında yazıb və oxuyub, rus və gürcü dillərini bilib. Azərbaycan və rus dillərində zəngin kitabxanası olub.
Pedaqoji Texnikumda Borçalının bir çox ziyalılarına dərs deyib, onların formalaşmasında müəllim və bir el ağsaqqalı kimi əhəmiyyətli rol oynayıb. Gürcüstanın bir çox pedaqoji tədbirlərində iştirak edib. Bilikli, səriştəli və qayğıkeş müəllim, ziyalı və ağsaqqal kimi Borçalı elində böyük nüfuz qazanıb.  




Borçalı Pedaqoji Texnikumunun
1951-1952-ci il buraxılışı. Rüstəm Hacıyev - müəllimlər, Abbas Hacıyev - məzunlar sırasındadır.




 Rüstəm müəllim və həyat yoldaşı Rəhilə xanım halal zəhmətləri ilə altı oğul böyüdüb, onların ali savada yiyələnmələrinə, peşə və mənsəb sahibi olmalarına şərait yaradıb.

Övladları və nəvələri müəllim, dövlət qulluqçusu, iş adamları kimi yetişib fəaliyyət göstərir. Övladlarından Rafiq, Cavad, Tariyel atalarının ənənəsini davam etdirərək Borçalı məktəblərində müəllim işləyir, qabaqcıl müəllimlər kimi tanınırlar.

Borçalı Pedaqoji Texnikumu bağlandıqdan sonra Rüstəm müəllim 1988-ci ilə qədər Marneuli internat məktəbində müəllim işləyib. 1988-ci ildən təqaüdə çıxıb, 1990-cı ildə vəfat edib.
Müharibədə iştirakına və səmərəli əmək fəaliyyətinə görə bir çox orden və medallarla təltif edilib.

Qeyd: Rüstəm və Rəhilənin cəmi yeddi övladı olub, ancaq Tariyeldən sonra anadan olmuş Hidayət adında bir oğulları körpə vaxtı rəhmətə gedib.

 


 







NAYVƏLİLƏR
 
Facebook
 
Reklam
 
 
Bugün 3186 ziyaretçi (10736 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=